понедельник, 30 мая 2022 г.

Latviyada Müstəqillik Günü və “Şuşa İli” münasibətilə tədbirlər keçirilib

Riqa, 28 may, AZƏRTAC

Mayın 27-də Azərbaycanın Latviyadakı səfirliyi tərəfindən Riqada yerləşən tarixi-memarlıq abidəsi Kiçik Gildiyada 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Latviyanın nəqliyyat naziri, Azərbaycan-Latviya hökumətlərarası komissiyasının latviyalı həmsədri Talis Linkaits, Latviya Prezidentinin xarici məsələlər üzrə müşaviri Solveiqa Silkalna, Latviya Xarici İşlər Nazirliyi, Seymi və bir sıra digər dövlət strukturlarının rəsmiləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Azərbaycan diaspor təşkilatlarının üzvləri iştirak ediblər.

Əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Sonra çıxış edən ölkəmizin Latviyadakı səfiri Elnur Sultanov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, keçdiyi inkişaf yolu barədə məlumat verib, xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlət müstəqilliyimizin bərpası və qorunmasında müstəsna xidmətlərini vurğulayıb. Diplomat bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafının uğurla davam etdiyini bildirib. Diqqətə çatdırıb ki, 30 ilə yaxın Ermənistan işğalı altında saxlanılan torpaqlarımız 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad edilib və ərazi bütövlüyümüz bərpa olunub.

Azərbaycan ilə Latviya arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayan səfir ölkələrimiz arasında zəngin tarixi və mədəni əlaqələrdən, həyata keçirilən qarşılıqlı səfərlərdən və təşkil olunan mühüm tədbirlərdən danışıb.

Daha sonra çıxış edən Latviyanın nəqliyyat naziri Talis Linkaits Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına səmimi təbriklərini çatdırıb, hər iki ölkənin oxşar müstəqillik və inkişaf yolu keçdiyini bildirib. O, Azərbaycanla Latviyanın vacib tərəfdaş ölkələr olduğunu qeyd edərək, bu il mayın 20-də hökumətlərarası komissiyanın 8-ci iclasının uğurla keçdiyini vurğulayıb. Nazir iki ölkə arasında nəqliyyat əlaqələrinin və sərnişindaşıman inkişafı istiqamətində əməkdaşlıq imkanlarına toxunaraq, bu münasibətlərin daha yüksək səviyyəyə keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Qarşılıqlı faydalı iqtisadi əlaqələrin inkişafının hər iki ölkə üçün eyni dərəcədə əhəmiyyətli olduğunu diqqətə çatdıran nazir bu əməkdaşlığın məhsuldar şəraitdə inkişaf edəcəyinə əminliyini bildirib.

Tədbirdə Latviya Milli Simfonik Orkestrinin musiqiçilərindən ibarət kvartetin ifasında Azərbaycan, Latviya və Avropa bəstəkarlarının əsərləri ifa olunub və ziyafət təşkil edilib.

Rəsmi qəbulun ardınca səfirliyin və Riqa kafedralının birgə təşkilatçılığı ilə Baltik regionunun ən böyük kilsəsində Müstəqillik Gününə, eləcə də Azərbaycanda “Şuşa İli”nin qeyd olunmasına həsr edilmiş konsert keçirilib.

Tədbirdə Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Valdis Zatlers, Latviya Xarici İşlər Nazirliyinin və bir sıra digər dövlət qurumlarının rəsmiləri, Latviyada akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, Latviya ictimaiyyətinin təmsilçiləri, eləcə də bu ölkədəki Azərbaycan icmasının üzvləri daxil olmaqla, ümumilikdə 600-dək qonaq iştirak edib.

Konsertdən əvvəl çıxış edən səfir Elnur Sultanov 28 May – Müstəqillik Günündən və Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan olunmasından danışıb. Vurğulayıb ki, Qarabağ milli musiqi mədəniyyətimizin beşiyidir. Qarabağın tacı, ölkəmizin mədəniyyət paytaxtı Şuşa xalqımız üçün müqəddəs məkandır. Diqqətə çatdırılıb ki, bu gün tarixi gündür. Çünki ilk dəfə olaraq Riqa kafedral kilsəsində Azərbaycan muğamı səslənir.

Tədbirdə Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupunun (tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov, nağarada Əməkdar artist Kamran Kərimov və muğam müsabiqəsinin qalibi Gülzar Fərəcova) və istedadlı orqan ifaçısı Natəvan Quliyevanın ifasında Azərbaycan muğamları, xalq mahnıları, eləcə də Azərbaycan bəstəkarlarının əsərləri ifa edilib. Təqdim olunan əsərlər, xüsusilə Qarabağ və Şuşa ilə bağlı mahnılar izləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

 

Asiman Əsədov

AZƏRTAC-ıın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
https://azertag.az/xeber/Latviyada_Musteqillik_Gunu_ve_Susa_Ili_munasibetile_tedbirler_kechirilib_VIDEO-2155295