Bakı, 22 aprel, AZƏRTAC
Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. Latviya-Azərbaycan əlaqələri olduqca isti və dostluq xarakteri daşıyır. Mən Latviya Respublikasının parlamentinin üzvü kimi bu münasibətlərin qorunması və möhkəmləndirilməsi istiqamətində daim çalışmışam, bundan sonra da çalışacağam.
Bunu AZƏRTAC-a açıqlamasında Latviya parlamentinin deputatı Amil
Səlimov deyib.
İki ölkə arasındakı münasibətlər barədə
danışan deputat soydaşımız bildirib ki, bu əlaqələrin qorunması və inkişaf
etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Latviya ilə Azərbaycan strateji tərəfdaş
ölkələrdir və bir çox geosiyasi məsələlərdə bir-birini dəstəkləyirlər. Beynəlxalq
siyasətdə ortaq mövqelərimizin çoxluğu münasibətlərimizi daha da gücləndirir.
“Azərbaycan və Latviyanın coğrafi
baxımdan bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, onları birləşdirən ortaq
tarixi təcrübə mövcuddur. Belə ki, həm Latviya, həm də Azərbaycan sovet dövründə
repressiv rejimin təsirinə məruz qalıb və müstəqillik əldə edənə qədər müxtəlif
çətinliklərlə üzləşib. Məsələn, Azərbaycanın ən qanlı və qürurlu tarixi 20
Yanvar faciəsidir. Belə gün Latviyada da mövcuddur və “Barikadalar Günü” kimi
tarixə düşüb. Bu cür hadisələr çoxdur və bunlar xalqlarımızın oxşar sınaqlardan
keçdiyini göstərir. Mən hər dəfə şahidi oluram ki, bu ortaq keçmiş xalqlarımız
arasında dostluq münasibətlərimizin daha da möhkəmlənməsinə istəyi gücləndirir”,
- deyə o diqqətə çatdırıb.
Amil Səlimov qeyd edib ki, ikitərəfli əməkdaşlıq
üçün də geniş potensial mövcuddur. Bu əməkdaşlıq ticarət, siyasət və təhsil sahələrini
əhatə edir. Hazırda Latviyada yüzlərlə azərbaycanlı tələbə təhsil alır və bu da
humanitar əlaqələrin inkişafına töhfə verir. Eyni zamanda, Azərbaycanın
Latviyaya verdiyi töhfələr də yüksək qiymətləndirilir.
Bundan başqa, son dövrlərdə qarşılıqlı
səfərlər və parlamentlərarası əlaqələr də münasibətlərin inkişaf etdiyini göstərir.
Parlamentlərarası dostluq qruplarının fəaliyyəti və yüksəksəviyyəli görüşlər, o
cümlədən Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun son səfəri
əməkdaşlığımızın davamlı xarakter daşıdığını sübut edir.
“Mən özüm Latviyada dünyaya gəlmişəm,
böyümüşəm. Valideynlərim azərbaycanlıdır və mənim üçün Azərbaycan-Latviya
münasibətlərinin müsbət inkişafı çox önəmlidir. Təbii ki, Latviyada yaşayan
bütün azərbaycanlılar bu münasibətlərin inkişafında mühüm rol oynayırlar. Biz
burada öz mədəniyyətimizi yüksək səviyyədə təqdim etməyə çalışırıq və Azərbaycan
xalqının savadlı, bacarıqlı, potensiallı olduğunu nümayiş etdiririk. Mənim
parlamentə seçilməyim də bunun bariz nümunəsidir və göstərir ki, azərbaycanlılar
Latviyanın ictimai-siyasi həyatına mühüm töhfələr verə bilirlər. İnanıram ki,
bu münasibətlər gələcəkdə daha da inkişaf edəcək”.
Müxbir – Ceyhun Xəlilov