четверг, 9 ноября 2023 г.

Latviyada 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir təşkil edilib



Azərbaycan Respublikasının Latviyadakı səfirliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirin əvvəlində tarixi Zəfəri canı bahasına xalqımıza bəxş edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov diqqətə çatdırıb ki, 8 Noyabr – Zəfər Günü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən ərazilərimizin Ermənistanın 30 illik hərbi işğalından azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası və tarixi ədalətin bərqərar olması günü kimi xalqımız tərəfindən qürurla qeyd olunur. Vurğulanıb ki, Ermənistanın kapitulyasiyasına aparan 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi xalqımızın və şanlı Ordumuzun qəhrəmanlıq ruhunun təntənəsinə çevrilib.


E.Sultanov sentyabrın 19-20-də uğurla keçirilmiş antiterror tədbirləri nəticəsində ərazilərimizdə tam suverenlik bərpa olunduğunu və Prezident İlham Əliyev tərəfindən Dövlət Bayrağımızın Xankəndidə, Xocalıda və digər yaşayış məntəqələrində qaldırıldığını bildirib. O, noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda Müzəffər Ali Baş Komandanın çıxışı barədə məlumat verərək dövlətimizin başçısının Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbənin olmadığı sözlərini diqqətə çatdırıb.


Səfir 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyini vurğulayaraq, xalqımızın Ümummilli Liderinin Qarabağ Zəfərinə aparan yolun başlanğıcını qoyduğunu və Prezident İlham Əliyevin Ulu Öndərin başladığı işi məntiqi sonluğa çatdırdığını, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdığını qeyd edib.


Tədbir iştirakçılarını həm də 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edən səfir Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın Dövlət Bayrağının rəsmi qəbul edilməsinin tarixindən bəhs edib.


Çıxışın sonunda E.Sultanov ötən il Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayından bəhs edərək Latviyada Azərbaycan həqiqətlərinin çatdırılmasında diaspor nümayəndələrinin fəaliyyətinin əhəmiyyətini qeyd edib.


Tədbirdə, həmçinin Latviyada fəaliyyət göstərən “Azəri” cəmiyyətinin rəhbəri Ulduzxan Əhmədov çıxış edərək iştirakçılara Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. O, Ulu Öndər Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin tarixindəki əvəzsiz xidmətlərindən danışıb və Latviyada yaşayan həmvətənlərimizin xalqımızın haqq işinə daim dəstək olduqlarını qeyd edib.


Daha sonra tədbir iştirakçıları üçün Bakı Media Mərkəzi tərəfindən hazırlanmış “Zəfər Meydanı” sənədli filmi nümayiş olunub.


Tədbirin sonunda ziyafət təşkil olunub, Azərbaycan milli mətbəxinin təamları qonaqlara təqdim edilib.


                               


                               

  

                               


                               


                               


https://azertag.az/xeber/latviyada_8_noyabr___zefer_gunune_hesr_olunan_tedbir_teskil_edilib-2820265