четверг, 9 октября 2008 г.

BALTİK AZƏRBAYCANLILARI KONQRESİNİN AZƏRBAYCANDA PREZİDENT SEÇKİLƏRİNƏ DAİR MÜRACİƏTİ

Azərbaycanda 15 oktyabr 2008-ci ildə keçiriləcək prezident seçkiləri tarixi Vətənimizin ictimai-siyasi həyatında taleyüklü əhəmiyyət kəsb edən bir tədbirdir. Belə ki, Azərbaycanın yaxın 5 ildə keçəcəyi tarixi yol şübhəsiz ki, ölkə rəhbərinin şəxsiyyətindən asılıdır. Bu seçkilər Baltik ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları üçün də əhəmiyyətli bir hadisədir. Son 5 il Azərbaycan Diasporunun inkişafı və onun fəaliyyətinin təkmilləşdirilməsi baxımından bizim üçün böyük əhəmiyyət kəsb edir. Bu dövr həm də Azərbaycanın Estoniya, Latviya və Litva ilə dövlətlərarası münasibətlərində və bu ölkələrin əməkdaşlığı tarixində müstəsna bir yer tutur. Ölkələrimiz arasındakı münasibətlərin son illərdə intibah dövrünü yaşadığını və xalqlarımız arasında getdikcə daha yaxın əlaqələrin yaranmasını sevinclə müşahidə edirik. Baltikyanı dövlətləri ilə Azərbaycanın regional enegetika dialoqu sahəsində, eləcə də Avropa İttifaqının “Yeni qonşuluq siyasəti proqramı” və NATO-nun “Fərdi tərəfdaşlığın fəaliyyət planı” çərçivəsində ölkələrimizdə qarşılıqlı surətdə görülən mühüm işlər və dövlətlərimiz arasında hökm sürən tərəfdaşlıq əlaqələri məmnunluq doğurur. Azərbaycanın siyasi rəhbərliyinin bu yönümdə göstərdiyi mühüm siyasi səylər və Müstəqil Azərbaycan Dövlətinin yüksəlişi naminə atdığı uğurlu addımlar fərəh hissləri yaradır. Xarici siyasət və iqtisadi əlaqələr sahəsində aparılan yeni keyfiyyət məzmunlu bu dövlət kursunun əsas aparıcısı Azərbaycanın Dövlət başçısıdır. Ona görə də, cənab İlham Əliyevin bütün Dünya azərbaycanlılarının Prezidenti tək, bu baxımdan göstərdiyi yüksək əhəmiyyətli fəaliyyətini bəyənirik və biz onu bundan sonra da Baltikyanı ölkələrdə və Avropa məkanında həm Qeyri Hökumət Təşkilatları və siyasi partiyalar, həm də ki, dövlət institutları səviyyəsində, o cümlədən Litvanın, Latviyanın və Estoniyanın Avropa Birliyi və Avropa Şurasında təmsil olunmuş siyasətçiləri vasitəsilə də dəstəkləyəcəyik. Baltik ölkələrində məskunlaşmış azərbaycanlıların böyük əksəriyyəti bu dövlətlərin vətəndaşlarıdır. Buna görə də çoxumuzun Azərbaycanda Prezident seçkilərində səs vermək hüququmuz yoxdur. Eyni zamanda xarici ölkələrin vətəndaşları tək Azərbaycanın daxili siyasət işlərinə qarışmağı da nəzakətli bir hal hesab etmirik. Amma, 20 ildən artıq bir müddət ərzində Baltikyanı ölkələrdə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının rəhbərləri tək, biz heç zaman doğma Azərbaycanımızın taleyinə və dövlətçilik ənənələrinə biganə qalmamışıq. Bununla yanaşı, biz İlham Əliyev şəxsiyyətinə bütün Dünya azərbaycanlılarının Prezidenti kimi hörmətlə yanaşırıq. Ona görə də düşünürük ki, Azərbaycanın uğurlu xarici dövlət siyasəti və beynəlxalq iqtisadi əlaqələri hazırda aparılan istiqamətdə davam etdirilməlidir. Azərbaycanın gələcəyi naminə bu cür taleyüklü işlərin layiqli davamçısı olmağa bu gün İlham Əliyevdən savayı bir namizəd yoxdur. Buna görə də, bütün Dünya ölkələrində yaşayan Azərbaycan vətəndaşlarını bu ilin oktyabrın 15-də Prezident seçkilərində İlham Heydər oğlu Əliyevə səs verməyə çağırırıq. Baltik Azərbaycanlıları Konqresinin prezidenti, Latviya “Azəri” cəmiyyətinin sədri Ulduzxan Əhmədov. Litva azərbaycanlıları cəmiyyətinin sədri Mahir Həmzəyev. Estoniya azərbaycanlıları cəmiyyətinin sədri Niyazi Hacıyev. Riqa şəhəri, Latviya Respublikası. 9 oktyabr 2008-ci il.